Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatı sona yetib.
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində gerçəkləşən yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Üç gün davam edən çempionatda 65 klub, cəmiyyət və idman təşkilatından 296 cüdoçu (236 kişi, 60 qadın) medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri ölkə çempionatının 2 qızıl, 2 gümüş, 8 bürünc medalını qazanıblar və ümumi komanda hesabında ikinci yeri tutublar.
Cüdoçularımızdan Elcan Hacıyev (90 kq) və Nigar Süleymanova (+78 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu tituluna sahib olublar. Vüqar Talıbovla (90 kq) Nərgiz Hacıyeva (57 kq) yarışın gümüş medalına layiq görülüblər. Digər idmançılarımız – Zahir Ağazadə (66 kq), Nurlan Osmanov (73 kq), Ömər Rəcəbli (81 kq), İbrahim Ağakişiyev (90 kq), Camal Feyziyev (+100 kq), Xumar Qasımzadə (48 kq), Əsma Əliyeva (78 kq) və Kəmalə Hüseynova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.