
On yeddi yaşadək (U-17) yeniyetmə cüdoçular arasında Şimal bölgəsi üzrə region birinciliyi keçirilib. Yarışda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzəndən olan 7 klubun 63 cüdoçusu (57 oğlan, 6 qız) medallar uğrunda mübarizə aparıb. Xaçmaz Olimpiya İdman Kompleksində reallaşan turnirdə 7 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.
“Neftçi” İdman Klubunun Siyəzən bölməsinin yetirmələrindən Mirmehdi İsmayılov (50 kq), Turan Ağamoğlanov (66 kq) və Əli Əliyev (73 kq) bütün görüşlərdən qalib ayrılıblar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlub olan Şahlar Cümşüdov (50 kq) və Rəvan Aşumov (66 kq) gümüş medalla kifayətləniblər. Binyət Əlifov (55 kq) və Nicat Axundzadə (66 kq) isə yarışı üçüncü pillədə başa vurublar.