İyirmi bir yaşadək (U-21) gənclər arasında keçirilən Azərbaycan birinciliyi sona yetib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində reallaşan yarışda 61 klub, cəmiyyət və idman təşkilatından 279 cüdoçu medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışda iki komanda ilə çıxış ediblər: “Neftçi-Bakı” və “Neftçi-Sumqayıt”.
Birincilikdə hər iki komandamız uğurla mübarizə aparıb və nəticədə ümumkomanda hesabında “Neftçi-Bakı” birinci, “Neftçi-Sumqayıt” isə ikinci yeri tutub.
“Neftçi-Bakı”nın heyətində Nurlan Kərimli (66 kq) və Nigar Süleymanova (+78 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Şıxəlizadə (100 kq), Qönçə Cəfərli (+78 kq) gümüş, Firuzə Hacıverdiyeva (+78 kq), Xumar Qasımzadə (48 kq) və Nihat Tarquliyev (81 kq) isə bürünc medala layiq görülüblər.
“Neftçi-Sumqayıt” komandasında isə Süleyman Şükürov (81 kq) və Amil İsmayılov (55 kq) rəqib tanımayaraq qızıl medala sahib olublar. Rita Əliyeva (52 kq) ikinci, Əli Hacıyev (60 kq) isə üçüncü yeri tutub.