
İyirmi bir yaşadək (U-21) gənclər arasında cüdo üzrə ölkə birinciliyinə yekun vurulub. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar və oğlanlar arasında 14 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Turnirdə 53 klub, cəmiyyət və idman təşkilatından 237 cüdoçu bacarığını nümayiş etdirib.
“Neftçi” İdman Klubunun təmsilçiləri əzmlə mübarizə apararaq 4 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Gənc cüdoçularınızdan Nihad Məmişov (60 kq), Cəsur İbadlı (81 kq), Gülnarə Bayramova (57 kq) və Əsmər Əliyeva (78 kq) bütün qarşılaşmalardan qalib ayrılıblar və Azərbaycan çempionu adını qazanıblar. Yalnız həlledici final görüşündə məğlub olan Nahid Tarquliyev (81 kq) gümüş medala layiq görülüb. Mirxaliq İskəndərov (60 kq) isə ölkə birinciliyini üçüncü pillədə başa vurub.
Qeyd edək ki, “Neftçi” İdman Klubu ümumi komanda hesabında birinci yeri tutub.