Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçularından üçü böyük əzmkarlıq nümayiş etdirərək finala yüksəlib: Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kq). İdmançılarımızdan Ömər Rəcəbli ilə Zelim Tçkayev finalda üz-üzə gələrək qalibi müəyyənləşdiriblər. Hidayət Heydərov finalda Abubakr Şeronu (Tacikistan) üstələyərək növbəti dəfə “Böyük Dəbilqə”nin qalibi olub. Həlledici görüşdə komanda yoldaşı Ömər Rəcəbliyə qalib gələn Zelim Tçkayev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ömər Rəcəbli isə gümüş mükafata yiyələnib.
Xatırladaq ki, ötən gün klubumuzun digər idmançıları Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal əldə ediblər.
Qeyd edək ki, turnirdə 64 ölkədən 416 cüdoçu medallar uğrunda mübarizə aparır.