Gənclər arasında boks üzrə Azərbaycan birinciliyi sona yetib. Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 oğlan boksçu qatılıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Belə ki, gənc boksçularımız inamla mübarizə apararaq yarışın 4 qızıl, 1 gümüş, 2 bürünc medalını qazanıblar və komanda hesabında birinci yeri tutublar.
İdmançılarımızdan Zidan Hümbətov (51 kq), Ayxan Əliyev (71 kq), Mircəlal Mirağayev (75 kq) və İlkin Məmmədov (+92 kq) bütün döyüşlərdən qalib ayrılaraq çempion olublar. Yalnız həlledici final görüşündə məğlub olan Fəxrəddin Hüseynov (92 kq) gümüş, Ülvi Həbibov (54 kq) və Rüfət Xudaverdi (84 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.