Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnir sona yetib. Bakı Boks Mərkəzində gerçəkləşən yarışda Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı yığmalarının və Litvanın “Royal” klubunun 97 idmançısı qalib adı uğrunda mübarizə aparıb. Beş gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.”Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yetirmələrindən Zidan Hümbətov (51 kq) bütün döyüşləri qələbə ilə yekunlaşdıraraq beynəlxalq turnirin qalibi olub. Mircəlal Mirağayev (75 kq) finala qədər irəliləsə də, bu mərhələdə məğlub olub və gümüş medala layiq görülüb. Digər boksçularımız – Ayxan Əliyev (71 kq) və Rza Novruzov (86 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.