Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyev adına İdman Sarayında keçirilən aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.
Akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyində “Neftçi” İdman Klubunun yetirmələri də bacariqlarını nümayiş etdiriblər. Gimnastlarımızdan Alixan Qasiyev – Emina Əhmədova qarışıq cütlüyü və Aytəkin Əmirova – Humay Tağıyeva qadın cütlüyü yeniyetmələr arasında həm Azərbaycan çempionatında, həm də Bakı birinciliyində qalib adını qazanıb.
Bakı birinciliyində balacalar arasında baş tutan yarışda Rahilə Şirəliyeva və Lalə Qarazadədən ibarət qadın cütlüyü bürünc medala layiq görülüb. Qarışıq cütlüklərdə Hüseyn Hüseynov – Zeynəb Nəzərzadə cütlüyü ikinci, Səid Hüseynli – Dəfnə İmanzadə cütlüyü isə üçüncü yeri tutub.