Batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunan yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) bacarığını nümayiş etdirib. Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə reallaşan yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən idmançılar qalib adı uğrunda mübarizə aparıblar.
Tamblinq üzrə yarışda “Neftçi” İdman Klubunun gimnastları iki medal əldə ediblər. Onlardan Milana Salmanova 2007-2010-cu illər təvəllüdlü gənc xanım idmançılar arasında Azərbaycan çempionu olub. Riad Cavadov isə 2011-2012-ci illər təvəllüdlü yeniyetmə oğlanların mübarizəsində üçüncü yeri tutub.