Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq “Təhsil” turnirinə yekun vurulub. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarış Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilirdi. Dünya Güləş Birliyinin təqvimində yer alan turnirə Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə ümumilikdə 500-ə yaxın idmançı qatılmışdı.
Yarışın sonuncu günlərində U-17 yaş qrupunda mübarizə aparan güləşçilər arasında qaliblər müəyyənləşib.
“Neftçi” İdman Klubunun bu yaş qrupunda çıxış edən təmsilçiləri turniri 8 medalla başa vurublar.
Sərbəst güləşçilərimizdən Cəfər Cəfərov (51 kq) yalnız final qarşılaşmasından məğlub ayrılıb və gümüş medala layiq görülüb. Məhəmməd Əsgərov (60 kq), Hüseyn Məmmədtağızadə (80 kq) və Ümid Süleymanov (92 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Yunan-Roma güləşçiləri arasında isə Məhəmməd Məmmədov, Raul Dadaşov (hər ikisi 60 kq), Cavad Məmmədov (80 kq) və Rinat Həsənov (92 kq) turnirin bürünc medalını qazanıblar.