“Neftçi” İdman Klubunun daha iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirində qızıl medala sahib olub. Yarışın sonuncu günündə Eldəniz Əzizli (55 kq) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (9:0) qalib gələn pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Həsrət Cəfərov (72 kq) isə həlledici görüşdə misirli Mustafa Alameldini 5:2 hesabı ilə məğlubiyyətə uğradaraq qalib adını qazanıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçisi Murad Məmmədov reytinq turnirinin qalibi olub, sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə bürünc medala layiq görülüb.