• Yanvar 19, 2026
  • Redactor Neftchi
  • 0

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında (U-17 və U-15) sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib.

“Neftçi” İdman Klubunun yetirmələri yarışda inamla mübarizə aparıblar.U-17 paytaxt birinciliyində idmançılarımız 20 medala (8 qızıl, 2 gümüş, 10 bürünc) yiyələniblər. Sərbəst güləşçilərimizdən Pərviz Dadaşov (51 kq), İlyas Ağazadə (65 kq), Nicat Mustafayev (110 kq), yunan-Roma güləşçilərimizdən isə Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Orxan Həbibli (65 kq), İbrahim Bayramov (71 kq) və İsfahan Həsənov (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

On beş yaşadək idmançıların yarışında isə təmsilçilərimiz 14 medala (5 qızıl, 3 gümüş, 6 bürünc) sahib olublar. Sərbəst güləşçilərdən Yusif Bədəlov (62 kq), yunan-Roma güləşçilərindən isə Pünhan Şahmarov (48 kq), Elmir Çərkəzov (65 kq), Süleyman Verdiyev (75 kq) və Elvin Nəcəfzadə (85kq) paytaxt birinciliyinin qalibi olublar.Qeyd edək ki, hər iki yaş qrupunda ilk beşliyə düşən idmançılar Azərbaycan çempionatına vəsiqə qazanıblar.