Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə ölkə çempionatı keçirilib. Respublikanın müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 50 m və 25 m məsafəyə atəş və pnevmatik tapançadan 10 m məsafəyə atəş yarışlarında bacarıqlarını nümayiş etdiriblər.
“Neftçi” İdman Klubunun yetirmələri çempionatı 3 qızıl və 1 gümüş medalla başa vurublar. Güllə atıcılarımızdan Vladislav Kalmıkov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 568 xalla qızıl medala sahib olub. Elvin Astanov (565 xal) isə ikinci yeri tutub. Digər təmsilçimiz İmran Qarayev kiçikçaplı tapançadan (KÇTÇ-4) 50 metr məsafəyə çalışmada 535 xal toplayaraq qalib adını qazanıb.
Eyni növdə qadınların mübarizəsində isə Leyli Əliyeva 536 xalla ölkə çempionu olub.