• Avqust 6, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin təşkilatçılığı ilə neft, qaz, kimya sənayesi müəssisələrinin əməkdaşları arasında baş tutacaq ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turnirinin püşkatma mərasimi keçirildi. “Neftçi” İdman Klubunun inzibati binasında təşkil olunan tədbirdə öncə qurumun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov mərasim iştirakçılarını salamladı, onlara ən xoş istəklərini diləyərək, gələcək yarışlarda uğurlar arzuladı. Ardınca o, iştirakçılara turnirin keçirilmə qaydaları haqda geniş məlumat verdi.
Daha sonra yarışın Əsasnaməsinin bölmələri müəssisələrin idman təlimatçılarının fəal iştirakı ilə müzakirə olundu, onların təklif və rəyləri dinlənildi.
Sonda turnirin püşkatması həyata keçirildi. Püşkatmanın nəticəsinə əsasən, 28 komanda hər birində 4-ü olmaqla 7 qrupda mübarizə aparacaq.
”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turniri avqust ayının 9-dan sentyabrın 21-dək davam edəcək. Oyunlar hər həftənin şənbə və bazar günləri Bakı Olimpiya Stadionunun örtülü meydançalarında keçiriləcək.