Neft, qaz və kimya sənayesinin işçiləri “Neftçi” İdman Klubu və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında stolüstü tennis idman növü üzrə yarış keçirilib. “Şüa” İdman Kompleksində reallaşan turnirdə 21 müəssisədən 52 iştirakçı (42 kişi, 10 qadın) mübarizə aparıb.

Yarışın keçirilməsində əsas məqsəd neftçilərin asudə vaxtını səmərəli təşkil etmək, onlar arasında dostluq əlaqələri yaratmaq, sağlam həyat tərzini təbliğ etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunacaq turnirdə SOCAR-ı bu idman növü üzrə təmsil edəcək komandanın heyətini müəyyən etməkdən ibarət idi.

Gərgin mübarizə şəraitində keçən turnirdə kişilər arasında Bakı Ali Neft Məktəbinin əməkdaşı İftixar Məhərrəmov qalib adını qazanıb. Rəşadət Qazıbəyov (Neft Kəmərləri İdarəsi) ikinci, Nihat Verdiyev (Karbamid Zavodu) isə üçüncü yeri tutub.

Qadınların mübarizəsində Heydər Əliyev adına Neft Emalı Zavodunun təmsilçisi Svetlana Kayumova qalib olub. Nərgiz Daşdəmirova (Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi) və Nazlı İsmayılzadə (Bakı Ali Neft Məktəbi) isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.