Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında digər sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmançılarımızın müxtəlif səviyyəli beynəlxalq yarışlarda əldə etdiyi yüksək nailiyyətlər bunun əyani sübutudur.
Son vaxtlar respublikamızda digər idman növləri ilə yanaşı, amputant futbolu da sürətlə inkişaf etməkdədir. Bildiyiniz kimi, bugünlərdə amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasında uğurla iştirak edib.
D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo seçmələri ilə mübarizə aparan yığma qrupu ikinci pillədə tamamlayaraq, 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, kollektiv Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak edəcək. On altı ölkənin mübarizə aparacağı final mərhələsində dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü yığmalar iştirak edəcək.
Sevindirici haldır ki, Millətlər Liqasında gümüş medala layiq görülmüş millinin üzvlərindən yeddisi “Neftçi” komandasının üzvləridir.
Bu gün “Neftçi” İdman Klubunun inzibati binasında komandamızın üzvləri ilə görüş keçirildi. Klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov onları Şotlandiyadakı uğurlu çıxışları və qazandıqları medal münasibətilə ürəkdən təbrik etdi. O, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və klubun İdarə Heyətinin sədri Hafiz Zeynalovun amputant futbol komandasına göstərdikləri diqqət və qayğıdan söhbət açdı. Sonra amputant futbol komandasının problemləri, qarşıda duran vəzifələr, komandanın daha da inkişaf etdirilməsi, Azərbaycan çempionatında, eləcə də beynəlxalq turnirlərdə iştirakı və uğur qazanması kimi məsələlər geniş müzakirə olundu.
Sonda amputant futbolçular onlara yaxından göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər. Komandanın üzvləri rəhbərlik tərəfindən onlara göstərilən etimadı doğrultmaq və daha böyük uğurlar qazanmaq üçün var gücləri ilə çalışacaqlarını söylədilər.