Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə respublika çempionatı keçirilib. Bakı Atletika Mərkəzində baş tutan yarışda paytaxt və respublikanın bölgələrini təmsil edən 130 atlet mübarizə aparıb. İki gün davam edən turnirdə idmançılar üçtəkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvəitələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4×200 m estafet qaçış növləri üzrə mübarizə aparıblar.
“Neftçi” İdman Klubunun atletləri ölkə çempionatında inamla çıxış edərək 4 qızıl medal qazanıblar. Təmsilçilərimizdən Nazim Babayev uzunluğa tullanma yarışında 7,32 metr nəticə göstərərək çempion olub. Bülbül Babayev hündürlüyə tullanmada (1,65 metr), İsmayıl Əliyev nüvəitələmədə (16,36 metr), Lamiyə Vəliyeva isə 400 metr məsafəyə qaçışda (57.90 saniyə) eyni uğura imza ataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.