Bu gün “Neftçi” İdman Klubunun inzibati binasında qurumun cüdo məşqçiləri ilə görüş keçirilib. Tədbirdə əvvvəlcə ötən ilin idman yekunları, sonuncu ölkədaxili yarışlar təhlil olunub və cüdonun hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Sonra klubumuzun cüdoçularının 2023-cü ildə keçirilmiş dünya və Avropa çempionatında, eləcə də digər beynəlxalq yarışlarda qazandığı uğurlardan, danışılıb, bu nailiyyətlərə görə məşqçilərə və onların yetirmələrinə minnətdarlıq ifadə olunub.
Gənclər və İdman Nazirliyinin 2023-cü ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” adlı tədbirində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimində “Neftçi” İdman Klubunun cüdoçusu Hidayət Heydərovun “İlin ən yaxçı kişi idmançısı” nominasiyasının qalibi olması da bu uğurların məntiqi nəticəsi olaraq dəyərləndirilib.
Ardınca yeniyetmələrdə bu idman növünə marağın yaradılmasından və daha çox uşağın cəlb edilməsindən, 2024-cü ildə qarşıda duran vəzifələrdən söhbət açılıb, habelə cari ildə görüləcək işlərlə bağlı məlumat verilib, planlar açıqlanıb.
Daha sonra məşqçilərin çıxışları dinlənilib və onlarla fikir mübadiləsi aparılıb. Mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb. 2024-cü ildə daha böyük nailiyyətlər qazanmaq üçün müxtəlif fikirlər və təkliflər söylənilib.
Sonda məşqçilər göstərilən qayğıya görə SOCAR-ın və “Neftçi” İdman Klubunun rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.