• Dekabr 7, 2025
  • Redactor Neftchi
  • 0

Kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı İdman Sarayında təşkil olunan yarışda 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) 14 çəki dərəcəsində mübarizə aparıb.

“Neftçi” İdman Klubunun təmsilçiləri inamla çıxış edərək turnirin 14 medalını (4 qızıl, 3 gümüş, 7 bürünc) qazanıblar və ümumkomanda hesabında birinci yeri tutublar.

Cüdoçularımızdan Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Vüsalə Hacıyeva (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu olublar. Süleyman Şükürov (81 kq), Leyla Əliyeva (52 kq) və Gülnarə Bayramova (57 kq) yalnız həlledici final görüşündə məğlub olaraq gümüş medala layiq görülüblər. Digər idmançılarımız – Nəriman Mizrəyev (73 kq), Cəsur İbadlı (81 kq), Gültac Məmmədəliyeva (52 kq), Ayan Əliyeva, Nərgiz Hacıyeva (hər ikisi 63 kq) və Jalə Məmmədova (78 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qeyd edək ki, yarışın sonuncu günü təşkil olunan komanda yarışında “Neftçi” İdman Klubunun qadınlardan ibarət komandası üçüncü yeri tutub.