Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş “İlin idman yekunları” adlı qala mərasimi keçirib. “Buta Palas”da təşkil olunan tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.
“Neftçi” İdman Klubunun cüdoçusu Hidayət Heydərov “İlin ən yaxçı kişi idmançısı” nominasiyasının qalibi olub. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov isə bu nominasiya üzrə üçüncü yeri tutub.
“İlin ən yaxşı qadın komandası” nominasiyasında 3×3 basketbol üzrə “Neftçi” komandası üçüncü yerə layiq görülüb.
Bundan əlavə, “İlin ən yaxşı 10 idmançısı” nominasiyası üzrə də qaliblər elan olunub ki, bunlardan da dördü klubumuzun təmsilçiləridir: Hidayət Heydərov, Gültac Məmmədəliyeva, Leyla Əliyeva və Yaşar Nəcəfov (hamısı cüdo).