• Oktyabr 10, 2026
  • Redactor Neftchi
  • 0

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Azərbaycan millisinin heyətində yer alan “Neftçi” İdman Klubunun cüdoçusu Uşanqi Kokauri (+100 kq) bu gün tatami üzərinə çıxıb. Mübarizəyə 1/16 final mərhələsindən qoşulan idmançımız ilk görüşündə Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edib. Növbəti mərhələdə polşalı Yakub Sordili üstələyən cüdoçumuz, 1/4 finalda digər həmyerlimiz Kənan Nəsibovu məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə finlandiyalı Martti Puumalaynenə qalib gələrək adını finala yazdırıb. Uşanqi Kokauri qızıl medal uğrunda görüşdə rusiyalı İnal Tasoyevlə üz-üzə gəlib. Güclü rəqibinə məğlub olan cüdoçumuz dünya çempionatının gümüş medalına sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl klubun təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək mötəbər yarışda 93 ölkədən 622 cüdoçu mübarizə aparır. Azərbaycan mundialda 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur.