Bu gün “Neftçi” İdman Klubunun güləş üzrə məşqçiləri ilə görüş keçirilib. Qurumun inzibati binasında təşkil olunan tədbirdə güləşin ölkəmizdə qədim ənənələrə, formalaşmış məktəbə malik olduğu və bu səbəbdən idman növləri arasında xüsusi yer tutduğu bildirilib.
Sonra klubumuzun güləşçilərinin 2023-cü ildə keçirilmiş dünya və Avropa çempionatında, hərbçilərin 36-cı dünya çempionatında qazandığı uğurlardan, beynəlxalq arenalarda əldə olunan qələbələrdən danışılıb, bu nailiyyətlərə görə məşqçilərə və onların yetirmələrinə minnətdarlıq edilib.
Daha sonra 2024-cü ildə qarşıda duran vəzifələr geniş müzakirə olunub, məşqçilərin çıxışları dinlənilib və onlarla fikir mübadiləsi aparılıb. Məşqçilər cari ildə daha böyük uğurların əldə ediləcəyinə ümid etdiklərini söyləyiblər.
İşlərin daha səmərəli olması və yüksək nailiyyətlər əldə edilməsi üçün klub tərəfindən bütün zəruri tədbirlərin görüləcəyi bildirilib, güləşçilərə və məşqçilərə qarşıdan gələn yarışlarda uğurlar arzu olunub.
Tədbirin sonunda məşqçilər göstərilən qayğıya görə SOCAR və klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.