Qanlı Yanvar faciəsindən otuz dörd il ötməsinə baxmayaraq, həmin tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün 20 Yanvar şəhidlərinə borcluyuq. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, axın-axın Şəhidlər xiyabanına üz tutur, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Bu il də yüz minlərlə insan şəhidlərimizi ziyarət etmək üçün xiyabana üz tutdu.
Bu gün ”Neftçi” İdman Klubunun rəhbərliyi və kollektivi də Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Məşqçilər, idmançılar, eləcə də klubun nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoydular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!