“Neftçi” İdman Klubu Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında futbol məşqçiləri üçün növbəti seminarını keçirib. Üç gün davam edən seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.
”Neftçi” İdman Klubunun Uşaq Futbol məktəbinin direktoru Məhərrəm Həsənov seminar iştirakçılarını qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından salamladı və onlara yeni, 2024/2025-ci il futbol mövsümündə uğurlar dilədi.
Seminarda uşaq futbolunun əhəmiyyətindən, kiçikyaşlı futbolçuların seçimi və ələnməsi metodologiyasından geniş söhbət açıldı. Futbol məşqçilərinin böyük həvəslə qatıldığı tədbirdə iştirakçılar nəzəri və praktiki məşğələlərdə, eləcə də verilən sualların cavablandırılmasında çox aktiv iştirak edirdilər.
Seminarda müxtəlif mövzular üzrə müzakirələr aparıldı. Təməl texnikanın öyrədilməsi və istiqamətlər, koordinativ hərəkətlərin istiqamətləri: təyin etmə, tarazlıq, reaksiya, ritm, eləcə də uşaq futbolu və oyunçuların inkişafında oyun fəlsəfəsinin rolu, psixoloji hazırlıq və digər mövzularda həm nəzəri, həm də praktiki məşqlər keçirildi.