“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin (SOCAR-ın müəssisələri və birgə müəssisələrin) işçiləri arasında bilyard idman növü üzrə turnir keçirilib. Yarışda 27 komandadan 63 iştirakçı (6 qadın, 57 kişi) qalib adı uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd 17-18 fevral tarixlərində Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçiriləcək yarışda iştirak etmək üçün bilyard idman növü üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.
Kişilər arasında təşkil olunan yarışda Toğrul Mahmudov (Qaz Emalı Zavodu) turnirin qalibi olub. Ramil Musayev (“Abşeronneft” NQÇİ) ikinci, Rəhim Həsənov (Sənaye Təhlükəsizlik İdarəsi) isə üçüncü yeri tutub. Qadınların mübarizəsində İlahə Hacıyeva (“SOCAR Polymer” MMC) liderliyə yüksəlib. Fatimə Quliyeva (“Qaz İxrac” İdarəsi) və Ləman Niyazlı (“Azərkimya” İstehsalat Birliyi) isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
Turnirdə I, II, III yeri tutmuş şəxslər “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.