Bu gün “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən voleybol turnirinə yekun vuruldu. Fevralın 21-də startı verilən və üç gün davam edən yarışda həm qadın, həm də kişi komandaları mübarizə aparırdı.
Turnirin keçirilməsində əsas məqsəd martın 2-də Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunacaq yarışda SOCAR-ı təmsil edəcək qadın və kişi voleybol komandalarının heyətini müəyyən etməkdən ibarət idi.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda qadınlar arasında Heydər Əliyev adına NEZ – “SOCAR Downstream Management” MMC-nin komandası qalib adını qazandı. Sosial İnkişaf İdarəsi ikinci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə üçüncü yeri tutdu.
Kişilərin mübarizəsində yarışın favoriti sayılan “BOS Şelf” MMC-nin kollektivi bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Heydər Əliyev adına NEZ – “SOCAR Downstream Management” MMC ikinci, Sosial İnkişaf İdarəsinin komandası isə üçüncü oldu.
Turnirdə I, II və III yerləri tutmuş komandalar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldı.