“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin (SOCAR-ın müəssisələri və birgə müəssisələrin) işçiləri arasında şahmat turniri keçirildi. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yarışda 28 komandadan 59 nəfər (49 kişi, 10 qadın) mübarizə aparırdı.
Yarışın keçirilməsində əsas məqsəd bu əlamətdar günü daha çox təbliğ etmək, neftçilərin asudə vaxtını səmərəli təşkil etmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də digər təşkilatlar arasında keçiriləcək ümumrespublika yarışlarında iştirak etmək üçün şahmat üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.
Kişilər arasında keçirilən yarışda Nurlan Cəfərzadə (“Caspian İnnovation Center”) turnirin qalibi adını qazandı. Emil Əliyev (“SOCAR Polymer” MMC) ikinci, Nəbi Məmmədov (İnformasiya Texnologiyaları və Rabitə İdarəsi) isə üçüncü yerə çıxdı. Qadınların mübarizəsində “Azəriqaz” İstehsalat Birliyinin təmsilçisi Validə Orucova liderliyə yüksəldi. Ülkər Maqsudova (“Caspian İnnovation Center”) ikinci, Mirvari Məmmədova (Heydər Əliyev adına Neft Emalı Zavodu) isə üçüncü yeri tutdu.
Turnirin sonunda düzənlənən mükafatlandırma mərasimində “Neftçi” İdman Klubunun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edərək yarış iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. Onlara turnirdə fəal iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirən natiq yarış iştirakçılarına qarşılamaqda olduğumuz yeni ildə uğurlar dilədi. Sonra o, qalibləri qələbə münasibətilə təbrik etdi.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olundu.