Bu gün “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin (SOCAR-ın müəssisələri və birgə müəssisələrin) işçiləri arasında stolüstü tennis idman növü üzrə yarış keçirildi. “Məşəl” İdman Kompleksində təşkil olunan turnirdə 17 komandadan 38 iştirakçı (9 qadın, 29 kişi) qalib adı uğrunda mübarizə aparırdı.
Yarışın keçirilməsində əsas məqsəd neftçilərin asudə vaxtını səmərəli təşkil etmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də digər təşkilatlar arasında keçiriləcək ümumrespublika yarışlarında iştirak etmək üçün stolüstü tennis üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.
Kişilər arasında keçirilən yarışda Bakı Ali Neft Məktəbinin təmsilçisi İftixar Məhərrəmov turnirin qalibi adını qazandı. Rafiq Rafiqzadə (“Caspian İnnovation Center”) ikinci, Hikmət Kərimov (“SOCAR Polymer” MMC) isə üçüncü yeri tutdu. Qadınların mübarizəsində Svetlana Kayumova (Heydər Əliyev adına Neft Emalı Zavodu) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Samirə Cəfərova (Sosial İnkişaf İdarəsi) və Nərgiz Daşdəmirova (SOCAR ƏŞNİİ) isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürdülər.
Turnirdə I, II, III yeri tutmuş şəxslər “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.