“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında şahmat yarışı keçirilib.
“Məşəl” İdman Kompleksində gerçəkləşən turnirdə 16 qurumdan 37 iştirakçı (29 kişi, 8 qadın) bacarığını nümayiş etdirib.
Qadınların mübarizəsində Sosial İnkişaf İdarəsinin təmsilçisi Naibə Səfərova turnirin qalibi adını qazanıb. Samirə Cəfərova (Sosial İnkişaf İdarəsi) ikinci, Amaliya Seyidova (“Azərkimya” İstehsalat Birliyi) isə üçüncü yerə çıxıb.
Kişilər arasında təşkil olunan yarışda Əli Abbasov (Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi) bütün rəqiblərini üstələyib. Meyvəddin Ramaldanov (“Neftqaztikinti” Tresti) və Famil Abdullayev (“SOCAR Downstream” Management) isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
I, II və III yeri tutmuş yarış iştirakçıları “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.



















