
“Neftçi” İdman Klubunun və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında keçirilən voleybol turniri sona yetib. “Məşəl” İdman Kompleksində baş tutan yarışda 14 komandanın tərkibində 140 neftçi (40 qadın, 100 kişi) qalib adı uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü neftçilər arasında idman yarışı ilə geniş qeyd etmək, onların asudə vaxtını səmərəli təşkil etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunacaq turnirdə SOCAR-ı təmsil edəcək qadın və kişi voleybol komandalarının heyətini müəyyən etməkdən ibarət idi.
Qadınlar arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası turnirin qalibi adını qazanıb. “Azərkimya” İstehsalat Birliyi ikinci, Neft Kəmərləri İdarəsinin komandası isə üçüncü yeri tutub.
Kişilər arasında “BOS Şelf” komandası bütün rəqiblərindən üstün olub. Təhlükəsizlik İdarəsi və Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivləri isə müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.
Fəxri kürsüdə yer alan komandalar “Neftçi” İdman Klubunun kubok, diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
























