• May 23, 2025
  • Redactor Neftchi
  • 0

Neftçi İdman Klubu İctimai Birliyinin (Neftçi İK) nümayəndə heyəti Johan Cruyff İnstitutunun rəsmi dəvəti ilə 19 may tarixində İspaniyanın Barselona şəhərinə səfər etmişdir.  

Neftçi İK-nı bu səfərdə İdarə Heyəti sədrinin müşaviri Fərəc Əliyev və Beynəlxalq əlaqələr və kommunikasiyalar departamentinin rəisi Emil Kərimov təmsil etmişlər. Səfər zamanı klub nümayəndələri institutun təşkil etdiyi Cruyff Networking tədbirində iştirak etməklə yanaşı, baş direktor Albert Romans, Cruyff Futbol Platformasının icraçı direktoru və Barselona futbol klubu da daxil olmaqla Avropanın bir sıra aparıcı klublarında çalışmış tanınmış mütəxəssis Albert Kapellas, CF Badalona SAD klubunun sahiblərindən biri və institutun məruzəçi müəllimi Mark Serra və digər rəhbər şəxslərlə ikitərəfli görüşlər keçirərək, mümkün əməkdaşlıq istiqamətləri və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə etmişlər.

Səfər çərçivəsində iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Sənəd tərəflər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və bu istiqamətdə yeni imkanların açılmasına, idmançı, məşqçi və inzibati heyətin peşəkar karyera inkişafının dəstəklənməsinə, idman sahəsində araşdırmalara dair təcrübə mübadiləsinin aparılmasına, birgə idman tədbirləri, seminarlar və konfransların təşkilinə, həmçinin sosial və media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.