3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinə yekun vurulub.

Ölkəmizi bu turnirdə təmsil edən “Neftçi SOCAR” komandası ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib. Qrup lideri kimi 1/4 finala yüksələn təmsilçimiz bu gün bu mərhələdə Uqanda millisini 18:15, yarımfinalda isə Fransa seçməsini 14:10 hesabı ilə məğlub edib və finala yüksəlib. Finalda güclü Kanada yığması ilə üz-üzə gələn komandamız rəqibi üzərində 15:9 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin qalibi olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) “Neftçi SOCAR” komandasının təmsilçisi Arika Karter seçilib.

Xatırladaq ki, “Neftçi SOCAR” komandası iyun ayında elə bu ölkədə təşkil olunan Orlean (Fransa) mərhələsinin də qalibi olmuşdu.