“Neftçi” İdman Klubunun paracüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pri turnirində 3 medal qazanıblar.
Təmsilçilərimizdən Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi Şəhanə Hacıyeva (48 kq, J2 kateqoriyası) finala qədər irəliləyib. O, həlledici mərhələdə qazaxıstanlı Nautbek Akmarala məğlub olub və gümüş medala layiq görülüb.
Tokio-2020 Yay Paralimpiya Oyunlarının daha bir qalibi Vüqar Şirinli də eyni uğura imza atıb. 60 kq çəki dərəcəsində yer alan idmançımız J2 kateqoriyasında çıxış edib. Vüqar Şirinli həlledici final görüşündə özbəkistanlı Kemran Nurillayevə məğlub olaraq ikinci olub.
Digər paracüdoçumuz, Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı Namiq Abaslı (73 kq, J2 kateqoriyası) isə üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Feruz Sayıdova qalib gələrək bürünc medala yiyələnib.