Yaponiyanın paytaxtı Tokioda keçirilən paracüdo üzrə Qran-pri turniri sona yetib.
Yarışın sonuncu günündə “Neftçi” İdman Klubunun daha üç təmsilçisi mükafatçılar arasında yer alıb. Paracüdoçularımızdan ikiqat paralimpiya çempionu İlham Zəkiyev (+90 kq, J1 kateqoriyası) və paralimpiya çempionu Xanım Hüseynova (70 kq, J2 kateqoriyası) yalnız həlledici final qarşılaşmasında məğlub olaraq gümüş medala sahib olublar. Digər paralimpiya çempionu Dürsədəf Kərimova (+70 kq, J2 kateqoriyası) isə yarışı üçüncü pillədə başa vurub.
Xatırladaq ki, ötən gün paracüdoçularımızdan Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, turnir Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ikiqat reytinq xalları qazandırır.