Azərbaycan Texniki Universitetinin İdman Sarayında yeniyetmələr və gənclər arasında qılıncoynatma üzrə ölkə birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda sablya və şpaqa növləri üzrə qalib və mükafatçılar müəyyənləşib.
Turnirdə “Neftçi” İdman Klubunun təmsilçiləri uğurla çıxış edərək 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 5 medal qazanıblar. Belə ki, gənclər arasında şpaqa növündə Osman Məmmədov bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu olub, Mirxətai Məmmədov isə gümüş medala layiq görülüb. Qızların mübarizəsində Nəzrin Mehdiyeva bürünc medalla kifayətlənib.
Yeniyetmə sablyaçı qızların yarışında isə Viktoriya Lazaryeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Məryəm Mehralıyeva üçüncü yeri tutub.







