Gənclər arasında qılıncoynatma üzrə “Neftçi” İdman Klubunun açıq birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən yarışda 100-ə yaxın idmançı sablya və şpaqa növləri üzrə mübarizə aparıb.
Oğlanlar arasında sablya növündə Maqsud Hüseynli turnirin qalibi olub. Murad Əkbərov gümüş, Ayxan Xasıyev və Abbas Hüseynov isə bürünc medal qazanıblar. Qızların mübarizəsində Fərəh Abbasova liderliyə yüksəlib. Leyla Əhmədova ikinci, Züleyxa Sultanlı və Ayan Ağasıyeva isə üçüncü yeri tutublar.
Şpaqa növündə Səid Əliyev məğlubiyyət tanımayaraq qızıl medala yiyələnib. Mirxətai Məmmədov gümüş, Emin Səfərbəyovla Fuad Qurbanov isə bürünc medala layiq görülüblər. Qızların yarışında Xədicə Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəzrin Mehdiyeva ikinci, Nirnuray Abasova və Minayə Qəribzadə isə üçüncü olublar.
Qeyd edək ki, qaliblər “Neftçi” İdman Klubunun diplom və medalları ilə mükafatlandırılıblar.