Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə keçirilən U-20 Azərbaycan birinciliyi davam edir. Yarışda artıq sərbəst güləş üzrə bütün qaliblər müəyyənləşib.
“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri əzmlə mübarizə apararaq ölkə birinciliyinin 13 medalına (4 qızıl, 3 gümüş, 6 bürünc) sahib çıxıblar və ümumkomanda hesabında ikinci yeri tutublar.
Pəhləvanlarımızdan Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq) və Anar Cəfərli (92 kq) rəqib tanımayaraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Ayxan Abdullazadə (65 kq), İsmayıl Rəhimli (70 kq) və Vüqar Həsənov (92 kq) yalnız final qaşılaşmasından məğlub ayrılıblar və gümüş medala layiq görülüblər. Zamin Məmmədov, Bəşir Verdiyev (hər ikisi 57 kq), İlyas İsayev (65 kq), Omar Gülməmmədov (70 kq), Vüsal Əliyev (74 kq) və Vasif Xuduyev (79 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yarış gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyır.