“Neftçi” İdman Klubunun Azərbaycanın millisinin heyətində təmsil olunan sərbəst güləşçisi Asim Əliyev Yunanıstanın Lutraki şəhərində keçirilən U-15 Avropa birinciliyində mükafata layiq görülüb. Əlli yeddi kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan kiçikyaşlı pəhləvanımız mötəbər yarışın bürünc medalına yiyələnib.
Qeyd edək ki, 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanan yığmamız yekunda 140 xal toplayıb və ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə millimiz komanda hesabında birinci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.