• Sentyabr 21, 2025
  • Redactor Neftchi
  • 0

SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubu, Sosial İnkişaf İdarəsi və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turnirinin final oyunu və bağlanış mərasimi keçirilib.
Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə öncə “Neftqaztikinti” Tresti və “SOCAR Polymer” Zavodunun komandaları üçüncü yer uğrunda mübarizə aparıblar. Qarşılaşmada “SOCAR Polymer” Zavodunun komandası rəqibini 4:3 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca turnirə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra final qarşılaşmasına start verilib. Həlledici görüşdə “Balaxanı” Əməliyyat Şirkəti və “Azneft” İstehsalat Birliyinin komandaları üz-üzə gəlib. Gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçən oyunda daha inamlı oyun sərgiləyən “Balaxanı” Əməliyyat Şirkətinin komandası rəqibi üzərində 5:0 hesablı qələbə qazanıb və turnirin qalibi olub. “Azneft” İstehsalat Birliyinin kollektivi isə gümüş medala layiq görülüb.
Sonda mükafatlandırılma mərasimi keçirilib. 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalara kubok, diplom və medallar təqdim olunub.
Bundan əlavə, nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb. “Neftqaztikinti” Trestinin komandasının futbolçusu Namiq Qocayev “Ən məhsuldar oyunçu”, “Balaxanı” Əməliyyat Şirkətinin komandasından Elşad Mustafazadə isə “Ən yaxşı qapıçı” nominasiyasının qalibi olub. Final qarşılaşmasının hakimləri Mahir Məmmədov və Hikmət Qafarlı da mükafatlandırılıblar.
Qeyd edək ki, mükafatları SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov, Sosial İnkişaf İdarəsinin rəisi Tural Məmmədov, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov və “Balaxanı” Əməliyyat Şirkətinin vitse-prezidenti Rafael Nağıyev təqdim ediblər.