Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandalarının iştirakı ilə keçiriləcək minifutbol turnirinə start verilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin əvvəlcə açılış mərasimi keçirilib. Bakı Tennis Akademiyasında təşkil olunan mərasimə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov qatılıblar.
İlk olaraq iştirakçı komandalar meydançaya dəvət olunublar. Ardınca ümummilli lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Taleh Nəsibov, Sərxan Hacıyev və Fərid Qayıbov bütün komandalara uğurlar arzulayıblar. Onlar ötənilki yarışın da maraqlı keçməsi haqda danışıblar.
Dövlət Himninin səslənməsindən sonra turnir açıq elan olunub.
Mərasimdən sonra Dövlət Gömrük Komitəsi və SOCAR komandaları arasında oyun start götürüb. Böyük əzmlə mübarizə aparan SOCAR komandası rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 2024-cü il mayın 6-dək davam edəcək turnirin qarşılaşmaları şənbə və bazar günləri təşkil olunacaq.