Azərbaycan Gənclər Fondunun dəstəyi və “Neftçi” İdman Klubunun tərəfdaşlığı ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası və El-1 idman liqasının birgə təşkil etdiyi “Sağlam gəncliyi gələcəyə daşıyaq” layihəsi çərçivəsində Azərbaycan Kontakt Karate Federasiyası tərəfindən döyüş növləri üzrə ölkə kuboku yarışı keçirilib. Sumqayit Təlim-İdman Zalında təşkil olunan turnirdə 100-ə yaxın idmançı qüvvəsini sınayıb.
Yarışda “Neftci” İdman Klubunun yetirmələri inamla mübarizə apararaq 9 medal (2 qızıl, 4 gümüş, 3 bürünc) qazanıblar. İdmançılarımızdan Yusif Qurbanov (40 kq) və Nihad Həşimov (60 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Əli İbrahimov (55 kq), Ənvər Əhmədli (+60 kq), Əsmər Məmmədova (45 kq) və Sabina Mayorova (50 kq) gümüş medala layiq görülüblər. Klubumuzun digər təmsilçilərindən İmran Cəfərli, Fərid Mahmudzadə (hər ikisi 20 kq) və Ömər Əhmədli (35 kq) isə yarışı üçüncü pillədə başa vurublar.