
“Neftçi” İdman Klubunun on iki yaşlı futbolçulardan ibarət komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatında (Şimal regionu, Abşeron zonası) 2024-2025-ci il mövsümünü uğurla başa vurub. U-12 Liqasında çıxış edən komandamız mövsümboyu bütün oyunlarda inamla mübarizə aparıb. Belə ki, Ramiz Səadətovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 15 qarşılaşmanın heç birində məğlub olmadan (13 qələbə, 2 heç-heçə) 41 xalla çempionatın qalibi olub.
Bu gün Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan mərasimdə böyük uğura imza atmış komandanın üzvləri “Neftçi” İdman Klubu tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, klubumuzun AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə liqalarda çıxış edən U-11 komandası mövsümü üçüncü, U-13 komandası isə altıncı pillədə bitirib. U-14 komandamız isə çempionatın ilkin qrup mərhələsini, eləcə də pley-offun ikinci qrup mərhələsini lider kimi başa vurub və hazırda səkkizdəbir finalda mübarizəsini uğurla davam etdirir.
Onu da əlavə edək ki, sözügedən liqaların hər birində 16 komanda mübarizə aparıb.





