Mayın 2-də Albaniyanın Dürres şəhərində start götürmüş usta idmançılar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Azərbaycan idmançısı Vaqif Müsadiq (81 kq) yarışda inamla çıxış edib və böyük uğura imza atıb. Belə ki, atlet birdən qaldırma hərəkətində 72 kiloqram, təkanla qaldırmada isə 90 kiloqram ağırlığı ram edib. Toplam 162 kiloqram (72+90) nəticə göstərən idmançı Avropa çempionatının qalibi olub.
Bununla da o, bir ilkə imza ataraq, azərbaycanlılar və müsəlmanlar arasında yetmiş yaşına çatmış yeganə Avropa çempionu olub.
Qeyd edək ki, Vaqif Müsadiq 1970-1982-ci illərdə “Neftçi” İdman Klubunda idmançı, 1983-cü ildən 2021-ci ilədək isə məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. Məşqçi işlədiyi uzun illər ərzində onun yetirmələri klubumuzu ölkədaxili yarışlarda və beynəlxalq turnirlərdə layiqincə təmsil edərək böyük uğurlar qazanıblar.