Ötən əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 32 il ötür. Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir.1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir. Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!