On səkkiz yaşadək yeniyetmə cüdoçular (U-18) arasında keçirilən Sumqayıt şəhər birinciliyi başa çatıb. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan və iki gün davam edən yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Turnirdə Sumqayıtın 14 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 240 cüdoçu bacarığını nümayiş etdirib.“Neftçi” İdman Klubunun Sumqayıt bölməsinin cüdoçuları birincilikdə əzmlə mübarizə apararaq 10 medala yiyələniblər. Yeniyetmə idmançılarımızdan İlyas Ələkbərli (60 kq) oğlanlar arasında gümüş medal qazanıb. Bəhruz Şirəliyev (46 kq), Ömər Qərənzadə (55 kq), Səid Poladov (66 kq) və Elton Məmmədov (73 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar. Xanım cüdoçuların mübarizəsində Nigar Əliyeva (44 kq) bütün görüşlərdən qalib ayrılıb və qızıl medala sahib olub. Digər idmançılarımız – Nigar Məmişova (44 kq), Aysel Abiyeva (48 kq), Aydan Həsənli (57 kq) və Surə Hüseynova (63 kq) isə birinciliyin gümüş medalına layiq görülüblər.