Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı İdman Sarayında keçirilən yarışın sonuncu günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək çempionatın 20 medalını (5 qızıl, 8 gümüş, 7 bürünc) qazanıblar və ümumkomanda hesabında yarışın qalibi olublar. Bu, klubumuzun yunan-Roma güləşçilərinin 1997-ci ildən indiyədək böyüklər arasında 24-cü çempionluğudur.
İdmançılarımızdan Rəşad Məmmədov (55 kq), Nihat Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və İslam Abbasov (87 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finala qədər irəliləyən Tural Mehtiyev (55 kq), Ziya Zeynalov (60 kq), Nihat Məmmədli (63 kq), Fəraim Mustafayev (67 kq), Urfan Həsənli (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq) və Sabah Şəriəti (130 kq) yalnız bu mərhələdə məğlub olaraq gümüş medala layiq görülüblər. Digər təmsilçilərimiz -Elmir Əliyev (5kq), Sakit Quliyev (60 kq), Fərid Xəlilov (67 kq), Azad Əliyev (77 kq), Qurban Qurbanov (82 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) isə respublika çempionatını üçüncü yerdə başa vurublar.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçiləri çempionatın 12 medalına (3 qızıl, 3 gümüş, 6 bürünc) sahib çıxıblar və ümumkomanda hesabında ikinci yeri tutublar.