Türkiyənin İstanbul şəhərində keçirilən və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinə start verilib.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri mötəbər yarışın ilk günündə inamla mübarizə apararaq böyük uğura imza atıblar. Pəhləvanlarımızdan Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla Paris Olimpiadasına lisenziya qazanıblar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmişdilər.