Albaniyanın paytaxtı Tiranada iyirmi üç yaşadək güləşçilər (U-23) arasında keçirilən dünya çempionatına yekun vurulub.
Mundialın son günündə Azərbaycan millisinin üç yunan-Roma güləşçisi fəxri kürsüyə qalxıb ki, onların da hamısı “Neftçi” İdman Klubunun təmsilçiləridir.
Pəhləvanlarımızdan Xasay Həsənli (77 kq) səkkizdəbir finalda macarıstanlı Attila Toeşmaqiyə (9:1), dörddəbir finalda hindistanlı Dipak Puniyaya (tuş), yarımfinalda isə gürcüstanlı Xviçe Ananidzeyə tam üstünlüklə (9:0) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşan Xasay Həsənli rəqibinə 1:3 hesabı ilə məğlub olub və U-23 dünya çempionatının gümüş medalına sahib olub.
Fərid Sadıxlı (55 kq) ilk görüşdə belaruslu Maksim Stupakeviçi sonuncu xal prinsipinə əsasən (3:3) üstələdikdən sonra, dörddəbir finalda rusiyalı Vladimir Zabeyvorota üzərində əzmkar qələbə qazanıb – 4:3. İdmançımız yarımfinalda gürcüstanlı Giorgi Toxadzeylə bacarmayıb – 0:10. O, bürünc medal uğrunda görüşdə rumıniyalı Denis Florinə tam üstünlüklə (10:0) qalib gələrək dünya üçüncüsü olub.
Klubumuzun digər yunan-Roma güləşçisi Sərxan Məmmədov (130 kq) çexiyalı Marsel Albiniyə tam üstünlüklə (8:0) qalib gəldikdən sonra, almaniyalı Patrik Numayiri sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək yarımfinala yüksəlib. Təmsilçimiz finalın bir addımlığında ukraynalı Mixaylo Vişnivetskiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Sərxan Məmmədov üçüncü yer uğrunda qarşılaşmada yunanıstanlı Apostolos Tsivolosa heç bir şans tanımayıb və 10:0 hesablı qələbə qazanaraq mundialın bürünc medalına layiq görülüb.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Zirəddin Bayramov (65 kq) gümüş, Abdulcəlil Şabanov (92 kq) isə bürünc medal qazanmışdı.