
Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinə yekun vurulub. Yarışın son günlərində yunan-Roma güləşçiləri mübarizə aparıb.
“Neftçi” İdman Klubunun milli komandamızın heyətində yer alan yunan-Roma güləşçiləri turnirin 3 medalına sahib olublar.
Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə hindistanlı Sumit Sumit üzərində inamlı qələbə qazanıb (5:1) və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) isə turniri üçüncü pillədə başa vurublar.
Xatırladaq ki, daha öncə klubumuzun sərbəst güləşçisi Əli Rəhimzadə (65 kq) gümüş medal qazanmışdı.

