Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmələr arasında
keçirilən cüdo üzrə dünya birinciliyi başa çatıb. 59 ölkədən 478 idmançının
(271 oğlan, 207 qız) mübarizə apardığı yarışa Azərbaycan komandası 9 cüdoçu (8
oğlan, 1 qız) ilə qatılıb.”Neftçi İdman Klubu”nun millinin heyətində yer almış yeniyetməsi
Zelim Kotsiyev (90 kq) mübarizəyə səkkizdəbir finaldan başlayıb. İlk görüşdə
Serbiya cüdoçusunu üstələyən idmançımız növbəti mərhələdə belaruslu Anton
Saşloviçi məğlubiyyətə uğradıb. Yarımfinalda Yaponiya təmsilçisi üzərində qələbə
qazanan Kotsiyev həlledici mərhələdə hollandiyalı Simeon Çatarinayla görüşdən məğlub
ayrılıb və dünya birinciliyinin gümüş medalına layiq görülüb.